You are here

İki şəhadət kəlməsinin mənası və məqsədi

Onun dediklərini təsdiq etmək, əmrlərinə riayət etmək, qadağan etdiklərindən çəkinmək və bizə şəriət olaraq öyrətdiyi təlimlərə uyğun Allaha ibadət etmək.

Muhəmmədin Allahın elçisi olmasına iman etmək özündə nələri ehtiva edir?

  1. Peyğəmbərin istənilən sahə ilə bağlı söylədiyi məlumatları təsdiqləmək. Məsələn: 
  • Qeybi məsələlər, axirət günü, cənnət və onun nemətləri, cəhənnəm və onun əzabı;
  • Qiyamət günü ilə bağlı məsələlər və axır zamanda baş verənlər;
  • Keçmişdə yaşananlar, peyğəmbərlərlə (onlara Allahın salamı olsun) qövmləri arasında baş verənlər haqqında dediklərini təsdiqləməliyik.
  1. Əmrlərinə riayət etmək və qadağalarından çəkinmək.
  • Peyğəmbərin bizə əmr etdiklərinə riayət etməli, onun boş-boşuna danışmadığına, əksinə danışdıqlarının hamısının izzət və cəlal sahibi Allahın vəhyi olduğuna əminlik göstərməliyik. Uca Allah buyurur: Kim peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. (ən-Nisa: 80).
  • Bizə qadağan etdiyi haram işlərdən, pis əxlaqdan və zərərli davranışlardan çəkinməliyik. İman gətirmək lazımdır ki, haram işlər uca Allaha bəlli olan hikmət əsasında qadağan edilmişdir. Bəzi hallarda qadağanın mənası bizə aydın olmasa da, bunun bizim üçün daha xeyirli olduğuna inanmalıyıq.
  • Biz əminliklə bilməliyik ki, onun əmr və qadağalarına riayət etməyimiz bizim üçün həm dünyada, həm də axirətdə xoşbəxtlik gətirir. Uca Allah buyurur: Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız! (Ali İmran: 32).
  • İman etməliyik ki, Peyğəmbərin əmrinə müxalif olan şəxs şiddətli cəzaya layiqdir. Uca Allah buyurur: Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər! (ən-Nur: 63).
  1. Peyğəmbərin bizə şəriət olaraq öyrətdiyi təlimlərə uyğun Allaha ibadət etməliyik. Bu da bir neçə məsələni ehtiva edir:
  • Onu örnək tutmaq. Peyğəmbərin sünnəsi, danışığı, hərəkəti, etirafı, təsdiqi, bir sözlə davranışı və həyat tərzi hər birimiz üçün həyatımızın bütün sahələrində örnək olmalıdır. Bəndə Peyğəmbərin sünnəsini və həyat tərzini özünə örnək tutduqca Allah qarşısında dərəcəsi yüksələr, getdikcə Rəbbinə yaxın olar. Uca Allah buyurur: De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran: 31).
  • Şəriət kamildir. Peyğəmbər dini və şəriətin bütün qanunlarını kamil şəkildə çatdırmış, bu işdə heç bir nöqsana yol verməmişdir. Buna görə Peyğəmbərin etmədiyi bir işi kimsə ibadət təyin edə bilməz. 
  • Allahın şəriəti hər zaman və hər məkan üçün yararlıdır. Allahın kitabında və Peyğəmbərin sünnəsində deyilən dini qanunlar və şəriət hökmləri hər zaman və hər məkan üçün keçərlidir. Məxluqatını yoxdan yaradandan başqa heç kəs onların xeyrinə olanı Ondan daha yaxşı bilə bilməz. 
  • Sünnəyə müvafiq olmaq. İbadətlərin qəbul olunması üçün niyyətin sırf Allah rizası üçün edilməsi və əməlin Peyğəmbərin şəriətinə müvafiq olması zəruridir. Uca Allah buyurur: Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın! (əl-Kəhf: 110). Ayədə deyilən yaxşı iş Peyğəmbərin sünnəsinə müvafiq, doğru əməl mənasındadır. 
  • Dində bidət etməyin haram olması. Kim Peyğəmbərin sünnəsindən olmayan hansısa əməli, yaxud hansısa ibadət formasını Allaha boyun əymək məqsədi ilə özündən uydurarsa, həmin şəxs Peyğəmbərin əmrinə qarşı çıxmış olar, etdiyi bu əmələ görə günah qazanar və onun bu əməli rədd olunur. Misal olaraq, şəriətə müxalif namaz forması uydurmağı qeyd etmək olar. Uca Allah buyurur: Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər! (ən-Nur: 63). Peyğəmbər  demişdir: “Kim dində olmayan bir işi ona əlavə edərsə, rədd olunar!” (Buxari: 2550; Muslim: 1718).
  1. Peyğəmbəri sevmək.

Peyğəmbərə iman etməyin vacib əlamətlərindən biri də Allahı və Onun Rəsulunu hər şeydən daha çox sevməkdir. Peyğəmbər söyləmişdir: “Mən birinizə valideynindən, övladından və bütün insanlardan daha əziz olmadıqca həmin şəxs iman gətirmiş sayılmaz” (Buxari: 15; Muslim: 44).

Müsəlmanın bələdçisi

Müsəlman vasitəçi guide site bir müasir guide şirkət layihələrin 15-dən çox dildə istehsal və fərqli elektron şablon bir sıra content təmin edilmişdir kitab (Muslim vasitəçi bələdçi) elektron versiyası.

Modern Guide